CƏMİYYƏT


Mart soyqırımı erməni-daşnak qüvvələrinin təcavüzkar siyasətinin məntiqi nəticəsi idi – Tarixçi-alim

Mart soyqırımı erməni-daşnak qüvvələrinin təcavüzkar siyasətinin məntiqi nəticəsi idi – Tarixçi-alim

Bakı, 31 mart, AZƏRTAC

1918-ci il martın sonlarında erməni-daşnak və ifrat bolşevik qüvvələrinin Bakı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı bu qüvvələrin uzun illərdən bəri izlədikləri təcavüzkar siyasətin məntiqi nəticəsi idi. Həmin təcavüzkar siyasətin mərkəzində erməni millətçi qüvvələrinin vətən axtarışı dayanırdı.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun 1918-ci ilin Mart soyqırımının hərbi-siyasi aspektləri ilə bağlı məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Erməni kilsəsi tərəfindən ilhamlandırılan, məqsədləri xatirinə böyük dövlətlər tərəfindən himayə və təhrik olunan erməni millətçiləri XIX əsrin sonlarından başlayaraq əvvəlcə Osmanlı Türkiyəsi ərazisində, sonra da Cənubi Qafqazda kifayət qədər fəallaşmağa başladılar. Qarşılarına qoyduqları təcavüzkar məqsədə nail olmaq üçün erməni millətçiləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi tarixədək iki dəfə Türkiyə (1895-97, 1915-ci illərdə), iki dəfə də Azərbaycan ərazilərində (1905-07, 1918-ci illərdə) yerli əhaliyə qarşı kütləvi qırğınlar həyata keçiriblər. İstər Türkiyənin “erməni vilayətləri” adlanan vilayətlərində, istərsə də Cənubi Qafqazın quberniyalarının heç birində etnik çoxluğa malik olmayan erməni millətçiləri özlərinə vətən yaratmağın ən “etibarlı” yolunu Osmanlı türklərini, o cümlədən Azərbaycan türklərini qırğınlara məruz qoymaqla onların yaşadıqları ərazilərin erməniləşdirilməsində görürdülər və bunun üçün onlar ən təcavüzkar vasitələrə də əl atırdılar.

Bu vasitələrdən biri millətçi-terror və qanunsuz silahlı dəstələrin formalaşdırılması idi. Mövcud məlumatlara görə, 1905-1907-ci illərdə daşnak silahlı qüvvələrinin üzvlərinin sayı 100 minə çatdırılmışdı. Bu qüvvələrin tərkibində xeyli sayda Türkiyə erməniləri var idi. Xüsusilə, Gəncədə və Bakıda daşnak hərbi qüvvələrinin güclü şəbəkəsi vardı. 1905-1906-cı ildə Gəncədə, Bakıda və Azərbaycanın digər məntəqələrində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınların törədilməsi də bu şəbəkənin fəaliyyətinin dəhşətli nəticələri idi.

Birinci Dünya müharibəsi ərəfəsində Cənubi Qafqazda yeni erməni silahlı dəstələrinin təşkili əlavə bir vüsət aldı. Bunun üçün Rusiya çarından lazımi icazəni də almaq mümkün oldu. 1917-ci ilin fevralında Rusiyada baş verən hakimiyyət dəyişikliyindən sonra erməni millətçiləri milli korpusun yaradılması barədə məsələ qaldırdılar və həmin il noyabrın 19-da belə korpusun yaradılmasına rəsmi icazə alındı. Bundan əlavə, Türkiyə erməniləri də Rusiya qoşunlarının Türkiyə cəbhəsindən geri çəkilməsindən sonra Qafqaza axışaraq erməni hərbi hissələrinin tərkibinə qatıldılar. Cənubi Qafqaza toplaşan və gündən-günə genişlənməkdə olan bu hərbi qüvvələr Türkiyə ərazisində əldə edə bilmədikləri "vətəni" Cənubi Qafqazda, Azərbaycan ərazilərində yaratmaq üçün öz silahlarını da azərbaycanlı əhaliyə qarşı çevirdilər.

Bir tərəfdən Bakıda və onun ətrafında olan ermənilərin səfərbər edilməsi, digər tərəfdən də Rusiya ordusu tərkibində Osmanlı cəbhəsindən tərxis edilmiş erməni əsgərlərinin də cəlb olunması nəticəsində 1918-ci ilin mart qırğınları ərəfəsində Bakıda xeyli sayda erməni-daşnak qüvvəsi toplanmışdı. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın məlumatına görə, onların sayı 3-4 min nəfər idi. Bu qüvvələrdən başqa Stepan Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin nəzarəti altında Qırmızı qvardiya da təşkil edilmişdi. Bu qvardiyanın tərkibinin böyük hissəsini də erməni silahlıları təşkil edirdilər.

Hadisələrin şahidləri də bildirirdilər ki, mart qırğınlarının törədilməsinə hazırlıq xeyli əvvəldən başlanmışdı. Bakı şəhər sakini Aleksandr Naumoviç Kvasnik xatırlayırdı ki, hələ 1918-ci ilin əvvəllərində şəhərin azərbaycanlı əhalisinə qarşı qırğınların həyata keçiriləcəyi haqqında söhbətlər dolaşırdı. Şəhər əhalisinin müəyyən hissəsi üçün belə söhbətlər anlaşıqlı olmasa da, bir müddətdən sonra onun mümkünlüyünün əlamətləri görünməyə başladı.

A.Kvasnikə görə, S.Şaumyan, Avakyan, Korqanyan və digər bolşeviklər öz fəaliyyətlərini Bakıda genişləndirdikdən sonra şəhərdə vəziyyət mürəkkəbləşməyə başladı. A.Kvasnikin fikrincə, şəhər erməniləri isə əksinə, yaranmış vəziyyətdən sevindilər və onlar ümid edirdilər ki, Şaumyan kimilərinin rəhbərliyi ilə onlar müsəlman əhalini sıxışdırmaqla Bakını və digər məntəqələri nəzarət altına ala biləcəklər. Ona görə A.Kvasnik mart qırğınlarını Bakıda və digər məntəqələrdə müsəlman əhalini qırmaqla onların bütün əmlakının ələ keçirilməsi üçün ermənilərin müsəlman əhaliyə qarşı tətbiq etdiyi qəsd kimi qiymətləndirirdi. Bakıya şəriksiz sahib olmaq istəyini əslində, S.Şaumyan da gizlətmirdi. O bildirirdi ki, biz əlimizə düşən bəhanədən istifadə etdik və bütün cəbhəboyu hücuma başladıq.

Martın 30-da axşamdan xeyli keçmiş bütün şəhər qaynar qazana çevrildi. Bakı Sovetinin silahlı dəstələri və erməni silahlıları “İsmailiyyə”ni və İçərişəhəri mühasirəyə alaraq oradakı özlərini müdafiə etməyə çalışan şəhər sakinlərini susdurmağa başladılar. Bu dəstələrdən biri Dənizkənarı bulvar boyunca mövqelər tutub İçərişəhəri hədəfə aldı. Başqa bir çevik dəstə isə öz yerdəyişmələri ilə İçərişəhərdə mövqe tutmuş Azərbaycan qüvvələrinin diqqətini özünə cəlb etməklə “İsmailiyyə” və Qoşa Qala qapısı yaxınlığında vuruşan qvardiyaçıların işini yüngülləşdirməli idi. Burada isə “Metropol” mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat Muzeyinin) damında və onunla Qoşa Qala darvazaları arasındakı binanın damında ermənilərin pulemyotları qurulmuşdu. Bu pulemyotlar “İsmailiyyə” binasını və İçərişəhərdə olan atəş mövqelərini hədəfə almışdılar.

Erməni-daşnak silahlıları ən amansız şəkildə şəhərin müsəlman əhalisini qırıb-çatmaqda davam edirdi. Onlar kimsəyə rəhm etmir, qaçan qoca və qadınları və uşaqları da güllələyirdilər. Bu adamlar məhəllə-məhəllə gəzib həm evləri, həm də idarələrin əşyalarını talan edir, qarşılarına çıxanları süngüdən keçirirdilər. Erməni cəlladları, hətta bolşevik olan azərbaycanlılara da rəhm etmirdilər. Bildirirdilər ki, kimliyindən asılı olmayaraq, hansı əqidəyə və hansı partiyaya məxsus olmasına baxmayaraq, azərbaycanlı olan məhv edilməlidir. Onlar İrandan gəlmiş fars tacirlərini də müsəlman olduğu üçün öldürürdülər. Bir neçə gün ərzində şəhərin azərbaycanlı hissəsini viranəyə çevirib əhaliyə sonsuz divan tutan erməni-daşnak dəstələrinə Stepan Lalayev, Xristofor Dildarov, Dövlətov, Ambarum Melikov və s. kimi insani keyfiyyətlərini itirmiş cəlladlar rəhbərlik edirdilər. Əllərinə düşmüş fürsətdən ifrat bolşevik və daşnak ünsürləri elə məharətlə istifadə etdilər ki, nail olduqları nəticələrə özləri də sevinclərini gizlədə bilmirdilər. S.Şaumyan fəxrlə bildirirdi ki, əldə olunmuş qələbə o qədər böyükdür ki, baş verənləri də kölgədə qoyur. Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubunda isə S.Şaumyan erməni-daşnak qüvvələrinin Bakıda sonsuz qırğın törətdiyinə öz münasibətini belə bildirirdi: “... Daşnakların da 3–4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik”.

Bir neçə gün ərzində Bakıda minlərlə azərbaycanlı öldürüldü. Onların dəqiq sayı barədə göstərilən rəqəmlər bir-birindən xeyli fərqlənir. Bundan əlavə, şəhər əhalisinin 400 milyon manatlıq daş-qaş əmlakı oğurlanmışdı, xeyli sayda ictimai və şəxsi binalar dağıdılıb yandırılmışdı.

Həyata keçirilən bu qırğınlardan sonra S.Şaumyan və onun ətrafına toplaşmış olan ermənilər Bakıda bolşevik-daşnak diktaturası qurmaqla şəriksiz hakimiyyətə sahib oldular. Bununla da bolşeviklər və daşnaklar tərəfindən qarşıya qoyulmuş ilkin vəzifə yerinə yetirilmiş oldu. Amma onlar bununla da kifayətlənmirdilər və daha böyük iddialar irəli sürürdülər – Azərbaycanın milli qüvvələrini bütünlüklə məhv etmək və sonra da bolşevik-daşnak hakimiyyətini bütün Azərbaycan ərazisinə yaymaq. Bakı qırğınlarından dərhal sonra həmin iddiaların həyata keçirilməsi üçün əməli addımlar atıldı. Əldə edilmiş münasib fürsətdən istifadə edərək bolşevik-daşnak silahlıları Şamaxıda və Quba qəzasında minlərlə azərbaycanlını qətlə yetirdilər. Bu kütləvi qırğınlar Qarabağda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər qəzalarında da davam etdirildi.

Yalnız Azərbaycanın öz müstəqilliyini elan etməsi və qardaş Türkiyədən hərbi köməyin gəlməsi xalqımızı kütləvi qırğınlardan qurtardı. Ardınca isə Azərbaycanın milli hökuməti ölkənin ərazi bütövlüyünü təmin etdi və Şərqdə ilk demokratik dövlət quruculuğunun tarixi təcrübəsini yaratdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.