İQTİSADİYYAT
Martda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb
Bakı, 16 aprel, AZƏRTAC
Martda dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz bahalaşıb.
Ötən ay fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində unun, çörəyin, makaron məmulatlarının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, kəsmiyin, zeytun yağının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, balqabağın, bibərin, çuğundurun, kartofun, soğanın, sarımsağın, energetik içkilərin qiymətlərində bahalaşma qeydə alınıb. Mal və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, xamanın, süfrə marqarininin, qarğıdalı yağının, yumurtanın, qozun, fındığın, şabalıdın, badımcanın, yerkökünün, quru noxud və lobyanın, mərcinin, şəkər tozunun, duzun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, televizorların, dəftərxana ləvazimatlarının, sementin, kərpicin, nitro və yağlı boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxtanın, sulu boyanın, kondisionerlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə edilib. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
Martda fevrala nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.