REGİONLAR
Masallı, Yardımlı və Cəlilabadın musiqi kollektivləri Astarada konsert proqramı ilə çıxış ediblər
Astara, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Mədəniyyət Nazirliyinin 15 regional idarəsini təmsil edən rayonlar arasında əlaqələrin genişləndirilməsi, mədəniyyətimizin geniş təbliği və tanıdılması ilə əlaqədar konsertlər təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 6-da Masallı Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Yardımlı, Masallı və Cəlilabad rayonlarının musiqi kollektivləri Astara Rayon Mədəniyyət Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər.
Konsertdə “Halay” folklor və “Halay” veteranlar xalq kollektivləri, Masallı İncəsənət Məktəbinin rəqs qrupu, Masallı Rayon Mədəniyyət Mərkəzinin solistlərinin çıxışları alqışlarla qarşılanıb.
Tədbir Masallı Mədəniyyət Mərkəzinin solisti Atamoğlan Zahidovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatıb.
Qeyd edək ki, noyabrın 5-də isə Astara Mədəniyyət Mərkəzinin incəsənət ustaları Biləsuvar şəhərində geniş konsert proqramı ilə çıxış ediblər.