REGİONLAR
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
Qəbələ, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Biz bu tur-aksiyaya Masallı rayonundan qoşulmuşuq. Aksiyada iştirak etdiyimizə görə özümüzü xoşbəxt hiss edirik. Ekskursiyamız olduqca maraqlı keçir. Əksəriyyətimiz bu bölgədə birinci dəfədir oluruq. Ölkəmizin dilbər guşələrindən olan Qəbələ, Şəki və Zaqatala rayonları ilə tanışlıq hamımızda çox böyük təəssürat oyadıb. Bu gözəllikləri gördükcə doğma Vətənimizə olan sevgimiz daha da artır. Marşrutboyu respublikamızın rayonlarının necə sürətlə inkişaf etdiyinin canlı şahidi olduq. Bu layihə sayəsində artıq özümüzə yeni dostlar da tapmışıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Masallı rayonu Həsənli kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Adil Şükürov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasına, zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan Masallı məktəblisi deyib: “Hər bir gənc Azərbaycanın tarixini dərindən öyrənməlidir. Bir var kitabdan oxuyasan, bir də var öz gözlərinlə görəsən. Bütün şagirdlər kimi, biz Masallı məktəbliləri də böyük əhəmiyyəti olan bu tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.