CƏMİYYƏT
Masallı və Cəlilabad rayonlarında daha 30 ailə mal və materiallarla təmin olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Respublikamızın digər bölgələrində olduğu kimi Masallı və Cəlilabad rayonlarında da özünüməşğulluq proqramının icrası işləri uğurla davam etdirilir. Bu gün həmin rayonlar üzrə daha 30 nəfər işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal və materiallarla təmin ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasına uyğun olaraq nazirliyin həyata keçirdiyi özünüməşğulluq proqramı Masallı və Cəlilabad rayonlarında da aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qalxmasına, onların kiçik sahibkarlığa çıxışına imkan yaradıb. Cari ildə bu iki rayon üzrə 285 - Masallıda 155, Cəlilabadda isə 130 ailənin proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onlardan artıq 200-dək ailəyə mal və materiallar verilib, digər proqram iştirakçılarına da aktivlərin verilməsi prosesi davam edir.
Mal və materiallarla təmin edilən insanlar işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətini qurmaları, aztəminatlı ailələrin kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində verilmiş mal və materiallar hesabına yaradılan kiçik ailə təsərrüfatlarının sayı artıq 1650-yə çatıb.