REGİONLAR
Masallıda 31 sahibkara 719 min manat güzəştli kredit verilib
Bakı, 11 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu aprelin 11-də Masallı rayonunda keçirilən işgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 31 sahibkara 719 min manat güzəştli kredit verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik, çörək istehsalı, turizm və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq.
Masallı Sənaye Məhəlləsində keçirilən forumda rayonun iqtisadi potensialına uyğun olaraq çayçılıq, bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market" və soyuducu anbar komplekslərinin, çay emalı müəssisəsinin və xalça fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar təqdim edilib.
Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədr müavini Samir Hümbətov fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, 2019-cu ilin ötən dövründə sahibkarlıq subyektlərinin ümumi dəyəri 88 milyon manat olan 183 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 870-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Qeyd edib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 3400-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 123,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Masallıda dövlətin güzəştli kreditlərindən yararlanmaqla 100 hektar sahədə salınan çay plantasiyasına və çəltik emalı müəssisəsinə baxış keçirilib. Çayçılığın inkişafı ilə bağlı indiyədək 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 milyon manat güzəştli kredit verilib.