REGİONLAR
Masallıda “Aprel döyüşləri qəhrəmanlarının cəmiyyətdə təbliği” mövzusunda müzakirələr aparılıb
Masallı, 29 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin həyata keçirdiyi “Aprel döyüşləri qəhrəmanlarının cəmiyyətdə təbliği" layihəsi çərçivəsində müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini və Qəhrəmanlar Xiyabanını ziyarət ediblər.
Toplantıda Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin metodisti Əyyar Bürhanov Aprel şəhidlərinin şərəfli döyüş yolundan danışaraq bu döyüşlərin Azərbaycan Ordusunun fəxr səhifəsi olduğunu bildirib.
Sonra Aprel şəhidləri haqqında hazırlanmış slaydlar nümayiş etdirilib.
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri, layihə rəhbəri Firuzə Əsədullayeva layihə haqqında məlumat verib. Bildirib ki, layihə 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun əzmkar əsgər, gizir və zabit heyətinin şanlı qələbəsində böyük rolu olan, qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizin cəmiyyətə daha geniş miqyasda tanıdılmasına xidmət edir.
Layihənin məqsədi Aprel döyüşlərinin qəhrəmanlarını daha geniş təbliğ etmək, onların döyüş yolu və həyatı haqqında cəmiyyəti maarifləndirmək, şəhid ailələrinə mənəvi-psixoloji yardımlar göstərməklə dəstək olmaqdır.
Layihənin eksperti Elxan Xanalizadə həyata keçirilən layihənin mahiyyətindən danışaraq 11 Aprel şahidi haqqında fotoslaydların hazırlandığını, onların qəhrəmanlıq dolu həyatlarının təqdim olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlardan, ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.