REGİONLAR
Masallıda “Breyn-rinq” intellektual bilik yarışı üzrə açıq rayon birinciliyi başa çatıb
Masallı, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən, Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümünə həsr olunan gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon açıq birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən bilik yarışında Masallı rayonunun 8 komandası ilə yanaşı, Lənkəranın 2 komandası və "ASAN xidmət”in könüllülərindən ibarət komandaları qələbə uğrunda mübarizə aparıblar.
Açıq rayon birinciliyinin yekun nəticələrinə əsasən, “ALL in label” komandası birinci, “İnferno” komandası ikinci, “Debabat” komandası isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov gəncləri Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
İdarə rəisi çıxışında dövlət-gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, o cümlədən Masallıda görülən işlərdən danışıb, gənclərin təşəbbüskarlığının həm onların liderlik keyfiyyətlərinin üzə çıxarılması, həm də cəmiyyətimizdə müxtəlif ictimai fəaliyyətlərin icra edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.