REGİONLAR
Masallıda “Nəsimi ili” çərçivəsində keçirilən rəsm müsabiqəsinin qalibləri məlum olub
Masallı, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 11-də Masallı şəhərindəki Gənclər Mərkəzində “Nəsimi ili” çərçivəsində rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 100-ə yaxın yeniyetmə və gənc öz istedad və bacarığını nümayiş etdirib.
Münsiflər heyətinin qərarına əsasən Mətin Əzimov birinci, Tutubikə Kərimova ikinci, Sevanə Əliyeva üçüncü yerə layiq görülüblər.
Fərqləndiyinə görə isə Şamxal Cavadzadə xüsusi diplomla mükafatlandırılıb.
Qaliblərə diplomlar təqdim olunub.
Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində məqsəd Nəsimi irsini təbliğ etmək, rayonun gəncləri arasında incəsənətə marağı artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onlara vətənəpərvərlik və doğma yurda məhəbbət hissi aşılamaq, istedadlı gəncləri üzə çıxarmaqdır.