REGİONLAR
Masallıda Prezident təqaüdçüsü Şirvan Əbilovun 85 illik yubileyi qeyd edilib
Masallı, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident təqaüdçüsü Şirvan Əbilovun 85 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Sonra Şirvan Əbilovun əmək və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yubilyarın əmək və fəaliyyətindən danışıb. Qeyd olunub ki, Şirvan Əbilov 1932-ci ildə Masallının Mahmudavar kəndində anadan olub, orta məktəbi Boradigah kəndində bitirib. İndiki Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Masallı və Cəlilabad rayonlarında polis orqanlarında fəaliyyət göstərib.
Bildirilib ki, Ş.Əbilov 1990-cı illərin əvvəllərində ölkədəki özbaşınalığı, xaosu görüb Naxçıvana gedərək ümummilli lider Heydər Əliyevlə görüşməyi qərara alıb. Ulu Öndər Yeni Azərbaycan Partiyasının təsis konfransında cənub bölgəsindən gəlmiş Şirvan Əbilovun çıxışını bəyənərək onun partiyanın siyasi şurasına üzv yazılmasını təklif edib.
Ş.Əbilov Masallıya qayıdaraq cənub bölgəsində, Masallı rayonunda, doğulduğu Mahmudavar kəndində YAP-ın ilk təşkilatını yaratmağa nail olub. İndi YAP-ın Masallı rayon təşkilatı ölkənin ən nüfuzlu təşkilatlarından biridir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu il avqustun 23-də Şirvan Əbilovu Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif edilib. O, həmçinin 2007-ci ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, YAP Masallı rayon təşkilatının yaradıcısı, cənub bölgəsinin tanınmış ictimai xadimi, Prezident təqaüdçüsü Şirvan Əbilovun ömür yolu gənclərimiz üçün əsl örnəkdir.
Yubiley tədbirində çıxış edən “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Şahrza Ağayev, Mahmudavar dini icmasının sədri Vəkil Babayev, Əməkdar Müəllim Musarza Mirzəyev, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İmran Əbilov və başqaları Şirvan Əbilovun respublikanın və Masallının ictimai-siyasi həyatındakı fəaliyyətindən, Vətənə, dövlətə, Ulu Öndərə, dövlətimizin başçısına sədaqətindən danışıblar.
Yubiley tədbirində Ş.Əbilova fəxri fərman və qiymətli hədiyyələr verilib.
Prezident təqaüdçüsü Ş.Əbilov ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.