REGİONLAR
Masallıda “Qadın inkişaf qruplarının yaradılması” ilə əlaqədar əməkdaşlıq sazişi imzalanıb
Masallı, 3 noyabr, Bağır Əliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (“AzKİL-2”) Azərbaycanda 10 ildir ki, fəaliyyət göstərir. Layihənin məqsədi mikro-layihələrə sərmayə qoyaraq infrastruktur xidmətlərindən istifadəni artırmaq və bununla da əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “AzKİL-2” çərçivəsində Masallı rayonunda bir sıra yerli əhəmiyyətli sosial layihələr uğurla icra edilib.
“AzKİL-2”nin dəstəyi ilə növbəti tədbir rayonun Çaxırlı kəndində yaradılmış icma - “Cənub” Qadın İnkişaf Qrupu ilə birgə keçirilib.
Kənddə fəaliyyət göstərən 12 qadından ibarət olan “Cənub” Qadın İnkişaf Qrupu bişirdikləri təndir çörəyini, şirniyyatı məktəb bufetlərinə, ətrafdakı mağazalara satır. Alıcılar Qrupun xidmətlərindən razılıq edirlər.
“Cənub” Qadın İnkişaf Qrupunun fəaliyyət göstərdiyi təndirxananı müasir tələblər səviyyəsində təkmilləşdirmək məqsədilə “AzKİL-2” çərçivəsində “Qadın inkişaf qruplarının yaradılması” ilə əlaqədar əməkdaşlıq sazişi imzalanıb.
Sənədi “AzKİL-2”nin direktoru Sübhan Əsgərov, “Cənub” Qadın İnkişaf Qrupunun rəhbəri Səadət Rufullayeva və Çaxırlı bələdiyyəsinin sədri Vahid Cəlilov imzalayıblar.
Bu münasibətlə keçirilən mərasimdə “AzKİL-2”nin rəhbərliyi, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, kənd fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.