REGİONLAR
Masallıda “Vətənə sevgi ən ülvi hissdir” mövzusunda onlayn konfrans təşkil edilib
Masallı, 29 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 29-da Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin, Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin, Masallı Rayon Ehtiyatda olan Zabitlər Konfederasiyasının və fəal gənclərin iştirakı ilə “Vətənə sevgi ən ülvi hissdir” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının aktual məsələ kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Gənclərə vətənpərvərlik hissinin aşılanması dövlətin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.
Qeyd olunub ki, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrlərdən başlanılıb. Ulu Öndər gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.
Diqqətə çatdırılıb ki, son dövrlər cəbhədə Azərbaycan Ordusunun uğurları millət olaraq nəyə qadir olduğumuzu bir daha sübut edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərdi və Azərbaycan gənclərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etdi.
Videokonfransda Masallı Rayon Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini Camaləddin Məmmədov çıxış edərək gənclərdə vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibliyini vurğulayıb.
Gənclərin nümayəndəsi Rövşən Muxtarov çıxışında yetişməkdə olan gənc nəslin doğma yurduna mənən və ruhən bağlılığı üçün hər cür şərait və imkanlar yaradıldığını və bu imkanlardan gəncləri daha böyük əzmlə Vətəninə, doğma Azərbaycana bağlı olmasından danışıb.