REGİONLAR
Masallıda Xocalı soyqırımına həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Masallı, 17 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə iki gün davam edən müsabiqədə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri iştirak ediblər.
Münsiflər heyətinin qərarına əsasən inşa-yazı müsabiqəsində VII-IX sinif şagirdləri arasında Masallı şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mehriban Kazımova birinci, Yeddioymaq kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüsniyyə Qasımova ikinci, Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səma Həbişzadə üçüncü yerə layiq görülüblər. Fərqləndiyinə görə şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Günel Məmmədova diplomla mükafatlandırılıb.
X-XI sinif şagirdləri arasında isə Bala Kolatan kənd tam orta məktəbin XI sinif şagirdi Aynur Ağayeva, Qızılağac kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytən Nərimanova və Tüklə kənd tam orta məktəbin X sinif şagirdi Samiyə Ağayeva fərqləniblər. Fərqləndiyinə görə isə Qəriblər kənd tam orta məktəbin X sinif şagirdi Təyyar Əmənov, “Dəfinə” məktəb-liseyinin XI sinif şagirdi Aydan Əşrəfova diplomlarla mükafatlandırılıblar.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.
Mükafatlandırılma mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov məktəblilərə Xocalı faciəsi barədə məlumat veriblər.
Qeyd olunub ki, Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri var. Məhz Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.