REGİONLAR
Masallıda “Yeni həyat” qəzetinin 85 illik yubileyi qeyd olunub
Masallı, 1 iyul, Bağır Əliyev, AZƏRTAC
İyunun 30-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonda nəşr olunan “Yeni həyat” qəzetinin 85 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Yeni həyat” qəzetinin əməkdaşlarını əlamətdar hadisə münasibətilə təbrik edib.
Azərbaycanda demokratik mətbuatın inkişafında, onun hüquqi bazasının möhkəmləndirilməsində, ölkəmizdə fikir və söz azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinə toxunan R.Hüseynov, dövlət-mətbuat münasibətlərində Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürovun qəzetin 85 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.
Digər çıxış edənlər 1932-ci ildə nəşrə başlayan “Yeni həyat” qəzetinin rayonun gündəlik həyatında, sosial-iqtisadi inkişafında və real həqiqətlərin təbliği sahəsindəki fəaliyyətindən danışıblar.
Tədbirdə qəzetin əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim edilib.