REGİONLAR
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
Masallı, 21 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə sosial infrastrukturun əsas sahələrindən sayılan su təchizatı sektorunda mühüm layihələr həyata keçirilir. Dövlətin birbaşa qayğı və diqqəti nəticəsində paytaxt Bakı ilə yanaşı, regionlarda da reallaşdırılan bu layihələr əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası çərçivəsində Masallı rayonunda da əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə müəyyən işlər görülüb.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq 2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bu məqsədlə “Viləşçay” su anbarının aşağı hissəsində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi içməli su ilə təmin olunub. Bu məqsədlə də rayonda 9145 ədəd su sayğacı quraşdırılıb.
Rayonun Muğan zonasında yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılıb. Su mənbəyindən Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt, o cümlədən rayonun Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndlərinə su xətləri çəkilib və bulaqlar quraşdırılıb. Rayonun beş kəndində sınaq məqsədilə suyun verilməsinə başlanılıb. Bu il, həmçinin 13 kəndə suyun verilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması, o cümlədən Viləşçay su anbarının ikinci növbəsinin tikintisi planlaşdırılır.
Bundan başqa, “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Masallı rayonunda torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən kiçik sututarlarda zəruri təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub.
Qeyd edilən sututarlarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı 12 sututara baxış keçirilib, layihə sənədləri hazırlanıb. Rayonun Mahmudavar kəndi ərazisində yerləşən sututarda - Mingəçevir gölündə təmir-bərpa işlərinə başlanılıb.
Hazırda 50 subartezian quyusu ilə 305 hektar sahə suvarılır. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə rayonun 6 yaşayış məntəqəsində subartezian quyusu qazılaraq istifadəyə verilib. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə rayonun daha 7 yaşayış məntəqəsində - Böyük Kolatan, Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə kəndlərində və Ərkivan qəsəbəsində subartezian quyularının qazılması nəzərdə tutulub.