REGİONLAR
Masallıda epizootiya əleyhinə profilaktik tədbirlər ardıcıl davam etdirilir
Masallı, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallıda aparılan baytarlıq tədbirləri sayəsində rayonda heyvanlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilmir. Bunun nəticəsidir ki, bu ilin doqquz ayında mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalında artın qeydə alınıb. Rayonda iri buynuzlu mal-qaranın baş sayı 0,2, o cümlədən inək və camışların baş sayı 0,5, qoyun və keçilərin baş sayı isə 2,5 faiz artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunda fəaliyyət göstərən 13 sahə baytarlıq məntəqəsində, ayrı-ayrı təsərrüfatlarda iribuynuzlu, xırdabuynuzlu və baş təkdırnaqlı heyvanlar arasında epizootiya əleyhinə profilaktik tədbirlər ardıcıl davam etdirilir. Aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezenfeksiya işləri də diqqətdə saxlanılır.
Hazırda Masallıda xırdabuynuzlu və iribuynuzlu heyvanların buruselyozuna qarşı göz damcı üsulu ilə və qara malın dabaq xəstəliyinə qarşı peyvəndləmə davam edir.
Heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon baytarlıq idarəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən bioloji preparatlarla təmin olunmaqla, peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə heyvanlara tətbiq edilir.
Rayonun baytar mütəxəssisləri, həmçinin fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.