REGİONLAR
Masallıda gənc oğlanlar və qızlar arasında şahmat üzrə “Könüllülər kuboku”nun qalibləri müəyyənləşib
Masallı, 29 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin qarşısında xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla gənc oğlanlar və qızlar arasında şahmat üzrə “Könüllülər kuboku” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq havada keçirilən və iki gün davam edən yarışda 16-29 yaşlı oğlan və qızlar bilik və bacarıqlarını nümayiş etdiriblər.
İsveçrə sistemi üzrə keçirilən yarışının yekunlarına əsasən, oğlanlar arasında Dadaş Dadaşov birinci, Mircavad Bəşirov ikinci, Hüseyn Hüseynov üçüncü yerlərə layiq görülüblər.
Qızların yarışında isə Məryəm Heybətova, Ləman Bəyoğlanlı və Səma Sadıqzadə müvafiq olaraq mükafatlar qazanıblar.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin diplomları təqdim olunub.