REGİONLAR


Masallıda hektara 70 ton məhsul verən çiyələk sortu əkilir VİDEO

Masallı, 24 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Ölkə daxilində və xarici bazarlarda tələbat çox olduğundan Masallıda çiyələk əkininə maraq ildən-ilə artır. Bir neçə gündür rayonda növbəti ilin məhsulu üçün əkinə başlanılıb. Fermerlər əkin zamanı daha məhsuldar sortlardan istifadə edirlər.

AZƏRTAC xəbər verir ki, Şərəfə kənd sakini Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk və digər kənd təsərrüfatı bitkiləri əkir. O, gəlirli sahə olduğundan çiyələk əkininə daha çox üstünlük verir. Üç hektara yaxın yer ayırdığı çiyələk sahəsində əvvəllər əsasən “Albion” və “Salanderiya” sortlarından istifadə olunurdu ki, bunların da məhsuldarlığı hektara 35-40 ton olurdu. Bir neçə gündür əkininə başladığı çiyələk sortu isə daha yüksək məhsuldarlığı olan “Samra” sortudur. “Bu şitilin üstün cəhətləri daha məhsuldar olmasındadır. Həmçinin bu sort çiyələk daha şirindir. Xəstəliyə və soyuğa dözümlüdür. Ona görə bu şitilə üstünlük vermişik. Bir şitil ildə 1 kiloqrama qədər məhsul verə bilir. Bu da hektara 60-70 tona yaxın məhsul deməkdir”, - deyə o əlavə edib.

Təsərrüfat sahibi sortu seçərkən məhsulun xarici bazarlara çıxışını da nəzərə alıb. Uzaq məsafəyə daşınması əlverişli olduğundan Rusiya bazarlarında bu sort çiyələyə tələbat da çoxdur.

Fermer Rafət Abbasov: “Əkindən qabaq biz sahədə alaq otlarını yandırmaq üçün dərmanlardan istifadə edirik. Dərmanları verəndən 10 gün sonra əkinə başlayırıq. Əkinimiz əsasən açıq sahələrdə aparılır. Çiyələk şitili soyuğa davamlı olduğu üçün demək olar ki, açıq sahələrdən noyabrın sonuna kimi məhsul yığırıq”.

“Samra” sort şitillər digər şitillərə nisbətən daha sıx əkilir. Sıx əkin həm məhsuldarlığın artmasına, həm də kölgə yaratdığından suya tələbatın azalmasına səbəb olur. Əkin başa çatdırıldıqdan bir ay sonra sahələrdə aqrotexniki qulluq işləri aparılacaq. Yazqabağı xəstəlik və zərərvericilərə qarşı kimyəvi dərmanlarla profilaktiki tədbirlər görüləcək.

Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Niyaz Mirzəyevlə söhbət zamanı deyib: “Biz sahələrdə fermerlərə bitki mühafizəsi barədə məlumatlar veririk, müşahidələr aparırıq. Hansı xəstəliklər, hansı zərərvericilər aşkar olunarsa, onunla bağlı tədbirlər görürük. Çiyələkdə əsas xəstəlik alternaliozdur. Vegitasiya dövründə çiyələk nəsil verməyə yaxınlaşanda yarpaqlarında ağ ləkələr olur. Fermerlərə bu cür xəstəliklərə qarşı mübarizə yollarını öyrədirik”.

Kimyəvi mübarizə zamanı hansı dozanın tətbiq edilməsi, təmiz, şəffaf sudan istifadə olunması məsləhət görülür. Ötən il təsərrüfat sahibi çiyələk sahəsindən 100 tona yaxın məhsul toplayıb ki, bunun da 60 faizi Rusiya bazarlarına göndərilib. Yeni sort çiyələkdən bu il 200 tondan çox məhsul tədarükü proqnozlaşdırılır.

Masallıda bu il ümumilikdə 230 hektar sahədə çiyələk əkilməsi planlaşdırılır. Çiyələyin yığımına isə aprelin axırları - mayın əvvəllərində başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.