REGİONLAR
Masallıda narkomaniya mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Masallı, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 5-də Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Narkomaniya-insanlığın bəlasıdır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov QİÇS-in infeksion xəstəliklər sahəsində ən ciddi problemlərdən biri olduğunu deyib. O, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmağın, gəncləri həmin sosial bəladan qorumağın, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamılıqla mübarizə aparmağın, yeniyetmələr arasında maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, bu sahədə milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməsinin vacibliyini bildirib.
Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən, gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı görülən işlərdən danışan idarə rəisi gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Masallı Rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov, Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarov, Xırmandalı kənd tam orta məktəbinin direktoru Kamal Təhməzov ölkəmizdə sağlam həyat tərzinin geniş təbliğindən söz açaraq gəncləri QİÇS-lə mübarizə üsulları barədə məlumatlandırıblar.
Münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin diplomları təqdim olunub.