REGİONLAR
Masallıda onlayn tədbir: Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır
Masallı, 13 iyul, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu.
Ümummilli Liderin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi.
Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı.
Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı.
Azərbaycan 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi.
S.Əliyev çıxışında qeyd edib ki, bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir.
Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi iyulun 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır.
Onlayn tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev, Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvü Nailə Əsədullayeva, gənc fəal Könül Qənbərova və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışaraq onun Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki fəaliyyətini yüksək dəyərləndiriblər.