REGİONLAR
Masallıda təhsil işçilərinin videokonfransı təşkil edilib
Masallı, 9 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Təhsil Şöbəsində 2019-2020-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı videokonfrans keçirilib.
Onlayn tədbirdə rayonun ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov dünyanı cənginə almış koronavirus pandemiyasının yaratdığı problemlərdən, mart ayının 3-dən başlayaraq təhsildə yaranan fasilədən, vəziyyətdən çıxmaq üçün dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb.
T.Əkbərov çıxışında, həmçinin “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan tədbirlərdən danışaraq layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlar barədə məlumat verib.
Tədbirdə yay tətili dövründə keçirilmiş mövzuların təkrar edilməsi, kitab mütaliəsi, teledərslərin videolarını izləməyin, müəllim-şagird-valideyn əlaqələrinin davam etdiriləsinin vacibliyndən, XI sinif məzunlarının buraxılış imtahanlarının nəticələri, fənn olimpiadalarının Respublika (final) turunda şagirdlərin qazandığı uğurlardan söhbət açılıb, yeni tədris ili ilə bağlı məktəb direktorlarına müvafiq tapşırıqlar verilib.
Diskussiya şəklində davam edən onlayn tədbirdə rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, Kəlbəhüseynli kənd tam orta məktəbinin direktor əvəzi Günel Fətullayeva, Mahmudavar kənd ümumi orta məktəbinin direktoru İsa İbadov növbəti tədris ilinə hazırlıqla əlaqədar bağlı təkliflərini bildiriblər.