REGİONLAR
Masallıda tütün sahələrində ilk məhsul yığımı aparılır VİDEO
Masallı, 9 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
May ayının əvvəlində əkilən tütün artıq yığıma hazırdır. Masallı rayonu tütün üçün əlverişli sahə olduğundan rayonun əsasən Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan kəndlərində bu ilin ilk tütün yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, artıq beş ildir Masallı rayonunda 51 hektar ərazidə tütün əkilir. Rayonda bu sahəyə 40-dan çox fermer maraq göstərir. Fermerlərin sözlərinə görə, bu il əkində daha çox Amerika sortu olan Berley, Türkiyədən Trabzon və Rusiyadan gətirilən İmmenyum sortlarına üstünlük verilib. Hazırda Masallının Xirmandalı kənd sakini Məhərrəm İbrahimliyə məxsus 11 hektar sahədə 14 fəhlə növbəli şəkildə tütünün ilk məhsul yığımını həyata keçirirlər.
Fəhlə Duriyyə Həsənova deyib: “Gündəlik gəlirimiz buradandır. Sağ olsun dövlətimiz kənd təsərrüfatında işlər dayanmayıb. Saat 10-da işə gəlirik. 2 dəfə növbə ilə gəlib saat 5-də evə qayıdırıq. Koronavirusa görə məsafə saxlayırıq”.
Ötən il 5 hektar sahədə əkin əkdiklərini söyləyən fermer Məhərrəm İbrahimli deyib: “Bu il 11 hektara qədər sahədə tütün əkmişik. Onun 5 hektarı “İmmenyum” sortu, 5 hektar yarımı isə “Berley” sortudur. “Berley” sortuna bu il üstünlük vermişəm ki, məhsuldar bitkidir. Bu sortdan 6 tona qədər tütün əldə etmək olur. Bu da xalis gəlir deməkdir. Şəki MMC ilə müqaviləmiz var. Çox yaxşı qiymətə də götürürlər. Hektara 1700-2000 minə qədər xərcimiz çıxır, onlar bizə subsidiya verərək kömək edirlər. Gələcəkdə torpaq sahəsi genişləndirilsə, bu ərazidə 50 hektara qədər tütün əkmək olar”.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Fərasət Mikayılov bildirib ki, əvvəlki illərdən fərqli olaraq son bir ildə fermerlərə dövlətin hərtərəfli dəstəyi sayəsində tütünçülük gəlirli sahəyə çevrilib. Belə gedərsə yaxın gələcəkdə rayonda tütün sahələri artırıla bilər: “Ötən il rayonumuzda ümumilikdə 35 hektar sahədən 57,5 ton tütün istehsal olunub dövlətə verilmişdir. Bu il isə hektarları artırmışıq. 50 hektara yaxın tütün əkilib. Son hədəfimiz isə 70-75 ton arasındadır. Rayonda tütünqurutma məntəqələri yoxdur. Fermerlər çətinlik çəkirlər. Olsa, daha yaxşı olar”.
Hazırda Masallının tütün sahələrindən 16 ton yaş tütün yığılıb. Məhsul yığımı oktyabrın sonuna qədər davam edəcək. Qeyd edək ki, bu sahəni daha da inkişaf etdirmək məqsədilə gələcəkdə rayonda iki tütünqurutma sexinin tikintisi gözlənilir.