REGİONLAR
Masallının Digah tam orta məktəbində peşə təmayüllü sinif yaradılıb
Masallı, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində yeni dərs ilində ölkəmizin 20 ümumi təhsil müəssisəsində, o cümlədən Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində peşə təmayüllü sinif yaradılıb.
Bu sinifdə 20 şagird iki qrupda kənd təsərrüfatı və turizm peşələrinə yiyələnəcək. Onlar məktəbi bitirdikdən sonra seçdikləri müxtəlif sənət üzrə istehsal sahələrində bacarıqlı peşə ustası kimi işləyə biləcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 9-da Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev Masallı şəhər 4 nömrəli Digah kənd tam orta məktəbində yaradılan peşə təmayüllü sinfə və rayonun məktəbəqədər tərbiyə müəssislərində fəaliyyət göstərən qruplara baxış keçirib, yaradılan şəraitlə yaxından tanış olub.
E.Əmrullayev bildirib ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsinin də layihənin əsas məqsədlərindən biri olduğunu vurğulayan E.Əmrullayev qeyd edib ki, peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil olunub.
Peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul edilirlər.
Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.