REGİONLAR
Masallının ucqar kənd məktəblərində “Maliyyə savadlılığı” klubları yaradılacaq
Masallı, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Mololon kənd ümumi orta məktəbində Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olmuş “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması” layihəsinin icrasına başlanılıb.
Layihə rəhbəri Könül Qənbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məqsəd ucqar kənd məktəbi şagirdlərini qənaət və israf, büdcə anlayışı mövzularında maarifləndirmək, onların müasir iqtisadi-maliyyə alətlərindən istifadə üzrə biliklərini artıraraq yığım mədəniyyətinin formalaşdırılmasına kömək göstərməkdir.
Masallı rayonu üzrə seçilmiş 6 ucqar kənd məktəbində ekspertlərin və xüsusi qonaqların layihənin gedişatında iştirakı, iqtisadiyyat və maliyyə sahəsi üzrə maarifləndirici materiallar hazırlanması, iqtisadi məzmunlu oyunların keçirilməsi və maliyyə savadlılığı dərnəyinin yaradılması nəzərdə tutulub.
Layihənin davamlılığını təmin etmək məqsədilə iştirakçı 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klubları yaradılacaq.