DÜNYA
Matteo Renzi İtaliyanın yeni Baş naziri seçilmişdir VİDEO
Roma, 22 fevral (AZƏRTAC). Sol mərkəzçi Demokratik Partiyasının lideri, 39 yaşlı Matteo Renzi İtaliyanın yeni Baş naziri seçilmişdir. O, 2009-cu ildən bəri Florensiyanın meri vəzifəsində fəaliyyət göstərmişdir.
İtaliyanın ən gənc Baş naziri kimi tarixə düşən Matteo Renzi artıq hökumətin yeni tərkibini də formalaşdırmışdır. Sayca 16 nazirdən ibarət kabinetin yarısını qadınlar təşkil edir.
Matteo Renzi mətbuata açıqlamasında bildirmişdir ki, onun rəhbərlik edəcəyi hökumət İtaliyadakı iqtisadi durğunluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirəcəkdir. O demişdir: “Biz növbəti dörd ay müddətində əsasən məşğulluq səviyyəsinin yüksəldilməsi, ədliyyə, vergi sisteminin təkmilləşdirilməsi və təhsil sahəsinin inkişafı kimi hədəflərə nail olmaq niyyətindəyik”.
Cari ilin ikinci yarısında İtaliyanın Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı məsələyə toxunan Matteo Renzi diqqətə çatdırmışdır ki, həmin dövrdə ölkədə qurumun qarşısında duran problemlərin həlli üçün lazımi işlər görüləcəkdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma