İDMAN
Maykl Masi: “İstanbul Park”ın lisenziya almasında problem olmayacaq
Bakı, 1 sentyabr, AZƏRTAC
Keçən həftə Türkiyə Qran-Prisinin 2020-ci il Formula 1 mövsümünün təqviminə daxil olduğu açıqlanıb. Ancaq hələlik Türkiyə trası ilkin siyahıya daxil edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Türkiyə Qran-Prisi səkkiz il çempionat cədvəlindən kənarda qalması səbəbindən tras “FIA Grade 1” lisenziyasını itirib. Formula 1-in yarış direktoru Maykl Masi lisenziya almaqla bağlı problem olmayacağına əminliyini bildirib. O, İstanbulda trası ziyarət etməyi planlaşdırdığını və bununla bağlı artıq Türk Avtomobil Federasiyası və avtodrom rəhbərliyi ilə danışıqlar apardığını da bildirib.
Formula 1 Türkiyə Qran-Prisi noyabrın 13-15-də “İstanbul Park”da təşkil olunacaq.
Xatırladaq ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilməyib.