REGİONLAR
Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq olunur
Şahbuz, 12 iyun, AZƏRTAC
Muxtar respublikada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi üsullar tətbiq edilməkdədir. Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri məcburi dövlət sosial sığorta haqlarını həm fondun internet səhifəsindən plastik bankomat kartları vasitəsilə, həm banklarda nağd qaydada, həm də yerli poçt şöbələri vasitəsilə ödəyə bilirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Şahbuz rayonunun Kolanı kəndində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan elektron xidmətlər” mövzusunda keçirilən maarifləndirici tədbirdə iştirakçılara ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Cəfərov torpaq üzərində mülkiyyətin növlərindən danışaraq, torpaqların keyfiyyətinə görə 4 qrupa ayrıldığını bildirib. Həmçinin torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ, dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanma şərtləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb, torpaq sahələri üzərinə yaranan hüquqların dövlət qeydiyyatına alınmasının önəmi vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirlər şöbəsinin müdiri Əli Həsənov mövzu ilə bağlı çıxışında kənd təsərrüfatına yararlı torpaq sahəsi olan torpaq mülkiyyətçilərinin ödəməli olduqları məcburi dövlət sosial sığorta haqqı barədə məlumat verib.
Sonra tədbirdə fondun əməkdaşlarından Toğrul Hüseynov, Rza Qarayev, fondun Şahbuz rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nihad Rəhimli çıxış ediblər.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb.