CƏMİYYƏT
Məcburi köçkünlərin qayıdışı prosesinə hazırlıqla bağlı müzakirələr aparılıb
Bakı, 6 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə məcburi köçkünlərin qayıdışı, eyni zamanda, hazırlıq mərhələsi mövzusunda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə dövlətin pilot qayıdış prosesində planlaşdırdığı addımlar, icmaların qayıdış prosesinə cəlb olunması, potensialının gücləndirilməsi, qayıdış prosesində hədəf icmaların ehtiyaclarının və gözləntilərinin dəqiqləşdirilməsi müzakirə edilib. Mənzil, xidmətlər, məşğulluq, kommunikasiya və koordinasiya mexanizmləri üzrə müvafiq icmalara lazımi informasiyaların verilməsi kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsi və BMT QAK-ın nümayəndələri tərəfindən qayıdış zamanı ictimaiyyətin bu prosesdə əsas maraqlı tərəf olaraq formalaşdırılması, səlahiyyətləndirilməsi istiqamətində birgə iş və sistemli fikir mübadiləsi aparıldığı bildirilib. Mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.