SİYASƏT


Məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir

Bakı, 29 may, AZƏRTAC

Məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. İndiyədək ölkəmizin müxtəlif regionlarında bu kateqoriyadan olan vətəndaşlar üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Eyni zamanda məcburi köçkünlərin məşğulluğun artırılması istiqamətində də xeyli işlər görülməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş “Qobu Park-3” müasir yaşayış kompleksinin açılışı məcburi köçkünlərə dövlət qayğısının daha bir bariz nümunəsidir.

Onun sözlərinə görə, yeni qəsəbə bütün müasir tələblərə cavab verir.Yeni tikilən qəsəbələrdə onların işlə təmin olunması, istehsal və xidmət sahələrinin yaradılması da bu istiqamətdə görülən mühüm tədbirlərdən biridir.

“Eyni zamanda “Qobu Park-3” kompleksində 960 şagirdlik məktəb fəaliyyət göstərəcək, həmçinin böyük uşaq bağçası tikilib ki, bu da məcburi köçkünlərin keyfiyyətli təhsillə təmin olunması üçün mühüm addımdır. Azərbaycanda məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman öz fəaliyyətlərində onlara böyük diqqət və qayğı ilə yanaşırlar. Bildiyiniz kimi, bütövlükdə Qobu qəsəbəsində reallaşdırılan 3 layihədə toplam 3700 nəfərə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək, 20 minə yaxın insan yaşayacaq. Bu da məcburi köçkünlərin yaşayış şəraitinin yaxılaşdırılması istiqamətidə atılan mühüm addımlardan biridir”, -deyə İ.Məmmədov əlavə edib.

Qeyd edib ki, ən mühüm məsələlərdən biri odur ki, dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə, o cümlədən məcburi köçkünlərlə bağlı heç bir proqram təxirə düşməyib.

Deputat vurğulayıb ki, bu gün koronavirus pandemiyası dünyanı cənginə alıb, neftin qiymətləri kəskin şəkildə aşağı düşüb, dünyanın inkişaf etmiş ölkələri belə ciddi sıxıntılar içərisindədir. Lakin belə bir vəziyyətdə ölkəmizdə nəzərdə tutulan sosial layihələr heç bir ləngimə olmadan uğurla həyata keçirilir.

Onun sözlərinə görə, dövlətimizin başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin də həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görür və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir.

“Bütün bunlar Prezidentin düşünülmüş və uğurlu siyasətinin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz imkanları hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Görülən işlər onu göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə və onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.