REGİONLAR
Mədəniyyət Nazirliyinə hamiliyə verilmiş ixtisasların tələbələri üçün açıq dərs təşkil edilib
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün “Milliyyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda açıq dərs təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dərsdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva əvvəlcə Azərbaycan Ordusunun zəfər yürüşünün parlaq qələbə ilə nəticələnməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Qeyd edilib ki, mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.
Çıxışda vurğulanıb ki, qürurunu yaşadığımız və bir zamanlar ilk dəfə Naxçıvanda dalğalanan bu bayraq bu gün artıq mədəniyyətimizin beşiyi olan qədim Şuşamızda da əzəmətlə dalğalanır.
Açıq dərsdə Dövlət Bayrağı Muzeyinin direktoru Rəmzi Hüseynovun “Milliyyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda çıxışı dinlənilib.
Dərs zamanı suallar cavablandırılıb, tələbələr Dövlət Bayrağı Muzeyinin ekspozisiyası ilə tanış olublar.
* * *
Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan rəssamları” mövzusunda mühazirə keçilib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin nazirliyin hamiliyinə verilmiş tələbələri iştirak edib. Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək bildirib ki, təsviri sənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür. Rəssamlıq sənətinin Azərbaycanda ən qədim nümunələri arasında eramızdan əvvəl VII-V əsrlərdən qalmış “Qobustan” qayaüstü təsvirləri, Kəlbəcər rayonunun “Ayçınqılı və Pəriçınqıl” dağlarındakı Tunc dövrünün başlanğıcına aid rəsmlər müstəsna əhəmiyyətə malikdir.
Qeyd edilib ki, bu gün Azərbaycanda, o cümlədən muxtar respublikada rəssamlıq sənətinə, rəssamlara yüksək diqqət və qayğı göstərilir.
Sonda “Azərbaycan rəssamları” adlı film nümayiş olunub.