MƏDƏNİYYƏT


Mədəniyyət müəssisələrində keçirilən “Ustad dərsləri həftəsi”nə yekun vurulub

Bakı, 7 dekabr, AZƏRTAC

XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illikləri ilə əlaqədar “Ustad dərsləri həftəsi” çərçivəsində Bakıda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun müəllimləri üçün ustad dərsləri keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

Ustad dərsləri xanəndəlik ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar müəllim Qəzənfər Abbasov, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova tərəfindən aparılıb.

Xanəndəlik, xor dirijorluğu və qanun müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən xor dirijorluğu ixtisası üzrə partitura oxunuşu, xorun təşkili (şagirdlərin səslərinin təyini), dərsin təşkili (nəfəs məşğələləri, idman məşğələləri, səs məşğələləri), musiqi təhlili (əsərin diapazonu, tonallığı, ladı, ifa çətinlikləri, mətni, janrı), ifa növləri (akapella, unison, cüt səslər), xanəndəliklə bağlı ustad dərslərində xalq mahnısı və bəstəkar mahnısının ifası, xanəndəlik ixtisasının tədris proqramı haqqında məlumat (siniflər üzrə muğam və mahnılar) muğamlar, təsniflər, qəzəllər, bayatı, qoşma, vəznlər (heca, əruz) haqqında məlumatlar (mənaları, xarakteri, quruluşu, şöbələri və s.), qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası), hər hansı bir əsərin əzbər ifası (sərbəst seçim), alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası (əllərin quruluşu, keçidlər, vibrasiya, pozisiyaların mənimsənilməsi yolları, hər iki əl üzərində qoyulan tapşırıqlar və onların həlli yolları və s.) ştrixlər, dinamika, rəng çalarları, cümlə, ibarə, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, ustad dərslərdə xanəndəlik ixtisası üzrə 31, xor-dirijorluq ixtisası üzrə 61, qanun ixtisası üzrə isə 20 müəllim iştirak etmişdir. Bundan əlavə, aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərə rəng qatıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.