MƏDƏNİYYƏT
Mədəniyyət naziri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Bakı, 20 noyabr, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Kərimov ikitərəfli mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olacağına inamını ifadə edib. Nazir qeyd edib ki, F.Əliyev, eləcə də digər müsabiqə qaliblərinin bilikləri və qazanmaqda olduqları təcrübə həm özləri, həm də çalışacaqları sahələr üçün böyük əhəmiyyətə malik olacaq.
Fərrux Əliyev daim yeni bacarıqlara yiyələnmək istədiyini və mentorluq proqramının səmərəli olacağını bildirib, səmimi görüşə görə nazirə təşəkkür edib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.