ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universitetində “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlanıb

Bakı, 12 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. İnsanı, onun azadlığını tərənnüm edən, humanizm prinsiplərinə söykənən kamil poeziya nümunələri, dəyərli ədəbi-fəlsəfi fikirləri ilə Azərbaycan və dünya ədəbiyyatının böyük nümayəndələrindən biri kimi tanınan Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkənin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin göstəricisi kimi təqdir olunmalıdır. Çünki milli-mənəvi varlığımızın ayrılmaz hissəsi olan Nəsimi yaradıcılığının öyrənilməsi, təbliği, dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsi bu gün hər bir təhsil müəssisəsinin, mədəniyyət ocağının qarşısında dayanan mühüm vəzifələrdəndir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) AZƏRTAC-a bildirilib ki, bu ali məktəbdə “Nəsimi ili”nə töhfə vermək üçün tədbirlər planı hazırlayıb.

Tədbirlər planına əsasən, bu ilin aprelində ADMİU-da Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək. İki nominasiya üzrə təşkil olunacaq müsabiqədə universitetin məzunları və tələbələri və digər universitetlərin tələbələri iştirak edə bilər.

“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər ilin sonunadək davam edəcək. Payız aylarında universitetdə şairin yaradıcılığına həsr edilən “Cahana sığmayan şair” elmi-praktik konfrans keçiriləcək. Həmçinin ilin sonunda ADMİU-da İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan tamaşanın hazırlanması da nəzərdə tutulur. Universitetin professor-müəllim heyəti və tələbələri il ərzində Nəsiminin ədəbi irsi ilə bağlı tədqiqatlar aparacaq, simpozium, konfrans və seminarlarda iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.