ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universitetində rəssamın fərdi sərgisi açılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Vernisaj” zalında bu ali məktəbin rəssamlıq fakültəsinin təsviri sənət kafedrasının müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi açılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Xanım Məmmədovanı fərdi sərgisi və ad günü münasibətilə təbrik edən rektor Fərəh Əliyeva ona uğurlar arzulayıb. Digər çıxış edənlər də müəllifin yaradıcılıq fəaliyyətindən danışıb, ad günü münasibətilə onu təbrik ediblər.
Sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika əsəri – “Zəriflik”, “İntizar”, “İncəlik”, “Sükut”, “Melodiya”, “Günəbaxanlar”, “Harmoniya”, “Ana uşaq ilə”, “Qız qalası” və s. nümayiş olunub.
Qeyd edək ki, görkəmli rəssamlar Mikayıl Abdullayev və Böyükağa Mirzəzadənin tələbəsi olan Xanım Məmmədova Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışır, 2011-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantıdır. Rəssam mütəmadi olaraq yerli və beynəlxalq sərgilərdə iştirak edir.