REGİONLAR
Media nümayəndələri Aqrar Universitetdə imtahan prosesini izləyiblər
Gəncə, 11 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün mediatur təşkil olunub. Mediaturda ictimai nəzarət qrupunun üzvləri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbələrin biliyinin eyni vaxtda yoxlandığı test, yazılı və şifahi imtahan prosesini izləyiblər.
Tədris işləri üzrə prorektor Anar Hətəmov media nümayəndələrinə imtahan prosesi barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Bildirib ki, ümumilikdə, 4500 tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası fevralın 1-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə uyğun keçirilməsi üçün hər şərait var. Eyni zamanda fənn müəllimləri, imtahan nəzarətçiləri ilə müvafiq izahat işləri aparılıb. Sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının valideyn şurasının üzvlərinin imtahanın keçirilməsində iştirakı təmin edilib.
Vurğulanıb ki, test üsulu formasında kompüterlərlə imtahanların keçirilməsinin təşkili məqsədilə işçi qrupu yaradılıb. Akademik məsləhətçilərə (tyutorlara) test üsulu ilə imtahan verəcək tələbələrin semestrdə topladıqları balların nəticələrinin sessiyanın başlanğıcınadək elektron sistemdə dəqiqliklə yüklənməsini təmin etmələri tapşırılıb. Valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə arzu etdikləri təqdirdə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb. Sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək üçün operativ qərargah yaradılıb və “Qaynar xətt” fəaliyyət göstərir.
Mediatur iştirakçılarına infrastrukturun yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində aparılan işlər, eləcə də ali təhsil müəssisəsində yaradılan idarəetmə, tədris və imtahan prosesi, universitetin beynəlxalq nüfuzunun artırılması, Avropanın qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq istiqamətləri, həyata keçirilən səmərəli beynəlxalq layihələr və onların müsbət nəticələri haqqında məlumat verilib.
KİV nümayəndələri prosesin təşkili və gedişindən razılıqlarını ifadə ediblər.