ELM VƏ TƏHSİL


Media nümayəndələri Bakı Ali Neft Məktəbində

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycanın tanınmış media qurumları rəhbərlərinin iştirakı ilə Bakı Ali Neft Məktəbində (BANM) mediatur keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, tanınmış jurnalistlər Rəşad Məcid, Vüsalə Mahirqızı, Elxan Şükürlü, Aynur Camalqızı, Elnur Məhərrəmli, Vüsal Məmmədov, Elşad Eyvazlı və Əfsələddin Ağalarov ali məktəbdə yaradılan şəraitlə tanış olublar.

Ali məktəbin rektoru Elmar Qasımov jurnalistlərə tədris və tədqiqat mühiti ilə bağı ətraflı məlumat verib. Media nümayəndələri tədris otaqları, tədqiqat laboratoriyaları, idman kompleksi ilə yaxından tanış olublar. Təhsil müəssisəsində yaradılan Neft Muzeyindəki eksponatlar maraqla qarşılanıb.

Elmar Qasımov BANM-in tələbələri və məzunlarının uğurları barədə danışıb. Qeyd edilib ki, BANM qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyur. Builki məzunların uğurlarından bəhs edən rektor bildirib ki, BANM məzunları dünyanın 16 ölkəsinin 50 universitetində magistratura və doktorantura pilləsində ali təhsillərini davam etdirəcəklər. Eyni zamanda, məzunlardan 7–si ABŞ, 6–sı isə DAAD proqramı üzrə Almaniyanın tanınmış ali məktəblərində təhsil alacaqlar.

BANM-də yaradılan yüksək səviyyəli, müasir standartlara cavab verən şəraiti təqdir edən jurnalistlər bu təhsil ocağının nümunə olduğunu bildiriblər.

Rektor Elmar Qasımov söhbət zamanı vurğulayıb ki, Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq yüksəkixtisaslı, ingilisdilli kadrlar yetişdirmək missiyasını bundan sonra da davam etdirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.