REGİONLAR


Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər

Gəncə, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı Azərbaycan milli mətbuatının 143 illiyi münasibətilə KİV nümayəndələri üçün “Sağlam baxış, sağlam cəmiyyət” adlı açıq qapı günü və göz müayinəsi aksiyası təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən elektron vasitələrin, informasiya agentliklərinin, qəzetlərin və xəbər saytlarının müxbirləri, jurnalistlər, operatorlar və digər texniki əməkdaşlar müayinədən keçiblər.

Əvvəlcə KİV nümayəndələrinə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şərait haqqında məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin may ayından fəaliyyətə başlayan Oftalmologiya Mərkəzi üçün şəhərin mərkəzi hissəsinə yaxın, tarixi tikili seçilib. Binada əsaslı yenidənqurma və təmir işləri aparılıb. Səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz edilib.

Oftalmologiya Mərkəzi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, yeni yaradılan tibb müəssisəsində hazırda 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanır.

Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksəkixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb.

Mərkəzin Gəncə filialında göz almasının anadangəlmə patologiya və zədə nəticəsində yaranan anatomik pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv, tor qişanın qopması və görmə üzvünün yeni törəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də həyata keçirilir.

KİV nümayəndələri Oftalmologiya Mərkəzinin Gəncə filialında yaradılan şəraitlə tanış olub, cərrahiyyə blokluna, laboratoriyalara və optika aptekinə baxış keçiriblər.

Vurğulanıb ki, Oftalmologiya Mərkəzi tərəfindən cəmiyyətin müxtəlif sosial qrupları üçün mütəmadi tibbi aksiyalar təşkil edilir.

Sonra Gəncə və ətraf bölgələrdə fəaliyyət göstərən KİV nümayəndələri oftalmoloji müayinə olunublar. Yoxlamadan keçənlərin az bir hissəsində astiqmatizm və miopatiya aşkar edilib və onlara tibbi məsləhətlər verilib.

Media nümayəndələri 22 iyul - Milli Mətbuat Günü münasibətilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının kollektivi tərəfindən həyata keçirilən tibbi aksiyaya görə tibb müəssisəsinin əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.