ELM VƏ TƏHSİL


“Media və təhsil dialoqu” təliminin ilk günü başa çatıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən “Media və təhsil dialoqu” adlı maarifləndirici təlimin ilk günü öz işini yekunlaşdırıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu sayəsində müəllim peşəsinə marağın artması, yeni dərsliklərin hazırlanmasında ictimai rəyin nəzərə alınması kimi məqamlara toxunub.

Təlimin əhəmiyyətindən söz açan nazir müavini çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin departament direktoru Rüstəm Əbülfətoğlu media və təhsilin oxşar və fərqli cəhətlərindən danışıb. Qeyd edib ki, media və təhsil sistemi şəxsiyyətin formalaşmasında vacib rol oynayır.

Günün birinci yarısında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər”, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Tədrisdə məzmun yenilikləri”, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Yeni tədris ilinə hazırlıq”, Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin əməkdaşı Elçin Abıyev “Təhsil Nazirliyinin elektron xidmətləri”, Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev “Portal.edu.az” mövzularında təqdimatlarla çıxış ediblər.

Təlim iştirakçıları, həmçinin “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovun “STEAM layihəsi”, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimovanın “Rəqəmsal bacarıqlar yeni tədris ilində”, İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəylinin “Müəllimlərin işə qəbulu müsabiqəsi”, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın “Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı” mövzusunda təqdimatları ilə tanış olublar.

Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Təlim sentyabrın 17-də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.