CƏMİYYƏT
Medianın İnkişafı Agentliyi ATƏT-in konfransında təmsil olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Polşada keçirilən ənənəvi konfransında iştirak edir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Rasim Bağırov informasiya texnologiyaları və qlobal kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və təsirinin daha da artdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan media subyektləri və jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir və qeyd olunan istiqamətdə həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla çoxşaxəli tədbirlər görülür.
Bununla yanaşı, konfrans iştirakçılarına Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyəti haqqında məlumat verilib, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində jurnalistlərin hüquqlarının daha effektiv qorunduğu, eləcə də onların peşəkar fəaliyyətinə müdaxilənin yolverilməzliyi qeyd olunub.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışovun Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən şəhid olduğu, mina xəritələri təqdim edilmədikcə bu hadisələrin sayının arta biləcəyi vurğulanıb.
Sonda regionun gələcəyi naminə ərazi bütövlüyünə və sülhsevər niyyətlərə qarşılıqlı hörmət nümayiş etməyin vacibliyi, sülhün alternativinin olmadığı diqqətə çatdırılıb.