İQTİSADİYYAT
Mehdiabad-Pirşağı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıda avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində 20 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə əsasında yolboyu tam yeni və müasir yol infrastrukturu yaradılır. Yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə eni 7 metr olan yolun hərəkət hissəsinin 8-9 metrə qədər genişləndirilməsi işləri aparılıb, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik 16,5 min kvadratmetr sahədə yeni piyada səkiləri tikilib, kənarlarına 11 min poqonmetrdən çox yeni səki daşı düzülüb.
Yolun köhnə asfalt-beton örtüyünün üst qatı 32,6 min kvadratmetr sahədə frezlənərək kənara daşınıb, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız qruntu 28 min kubmetr həcmdə qazılaraq çıxarılıb, 24 min kubmetrdən çox yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib. Daha sonra tikinti norma və standartlarına uyğun olaraq, yolun asfaltlanması işlərinə başlanılıb. Hazırda xırda və iri dənəli olmaqla yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Bu işlər 60 min kvadratmetrə yaxın sahəni əhatə edib.
Texnoloji ardıcıllıqla aparılan tikinti işləri çərçivəsində 11 avtobus dayanacağı və yol boyu yeni yol nişanları quraşdırılacaq, 18 kilometr uzunluğunda yol-cizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. İşlərin yaxın aylarda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.