MƏDƏNİYYƏT


Məhəmməd Mehdi İsmaili: İran Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməsini istəyir

Tehran, 21 iyun, AZƏRTAC

İranda səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dəvətə görə iranlı həmkarına təşəkkür edən Anar Kərimov səfərin Azərbaycan-İran diplomatik əlaqələrini 30 illiyinə təsadüf etdiyini deyib. Qeyd edib ki, Azərbaycan və İran xalqlarının çoxəsrlik dostluq və qohumluq əlaqələri var. Hər iki xalq ortaq tarixə, mədəniyyətə, adət-ənənəyə və dini dəyərlərə malikdir. Bu dəyərlər əlaqələrimizin inkişafı üçün böyük zəmin yaradır. Bu gün Azərbaycan və İranın dövlət başçıları arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Dövlətlərimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Digər sahələrdə olduğu kimi, mədəni əlaqələri də inkişaf etdirməliyik.

“Dövlətlər arasında digər əlaqələrdən fərqli olaraq mədəni əlaqələr daimi xarakter daşıyır. Hazırda Azərbaycanda İranın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Azərbaycan hökuməti bu mərkəzin fəaliyyətini yüksək qiymətləndirir. Tehranda da Azərbaycan Mədəniyyət Mərkəzinin açılması qarşılıqlı mədəni əlaqələrimizin inkişafında çox müsbət rol oynaya bilər. Biz Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasında maraqlıyıq və ümid edirik ki, dostluq əlaqələrimizin möhkəmlənməsi istiqamətində belə bir mərkəzin açılmasını İran hökuməti dəstəkləyəcək. Bu Mədəniyyət Mərkəzi Azərbaycan-İran dostluğunun simvoluna çevriləcək”, - deyə nazir nəzərə çatdırıb.

Anar Kərimov Qarabağın işğaldan azad edilməsi barəsində məlumat verərək bildirib ki, rayonlarımızın azad edilməsi xalqımız üçün şərəf məsələsi idi. Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə barışmadı və Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən Vətən müharibəsində Ermənistanın işğalında qalan torpaqlarını azad etdi. Bu gün Azərbaycan dövləti ermənilərin törətdikləri vandalizmin nəticələrini aradan qaldıraraq bu ərazilərdə geniş quruculuq işləri həyata keçirir. Tarixi, dini, mədəni abidlərimizlə yanaşı, məscidlər də bərpa olunur. Məqsədimiz İslam dəyərlərini bərpa etməkdən ibarətdir. Qarabağda dağıdılmış məscidlərin bərpası ilə yanaşı, Ağdam, Şuşa və Zəngilan rayonlarında yeni məscidlər də tikilib xalqın istifadəsinə veriləcək. Azərbaycan dövləti və cəmiyyəti Şuşa şəhərinə çox böyük həssaslıqla yanaşır. Bu şəhərin Azərbaycan xalqı üçün böyük əhəmiyyəti var.

Nazir qeyd edib ki, kino sənayesi xalqları birləşdirən amildir. Bu sahədə əməkdaşlıq əlaqələrini gücləndirib birgə filmlərin istehsalına başlamaq lazımdır. Eyni zamanda, mədəniyyət həftələrinin, kitab sərgilərinin, teatr festivallarının keçirilməsi də zəruridir. Azərbaycanda keçirilən Nizami Gəncəvi kitab sərgisində İran da iştirak edərək ədəbiyyatını təbliğ etdi. Təbrizdə keçirilən teatr festivalında Azərbaycan Dövlət Akademik Dram Teatrı da iştirak edib və Qarabağın azad olunmasına həsr edilən tamaşa nümayiş etdirib ki, bu, iranlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu istiqamətdə əməkdaşlığı davam etmək və gücləndirmək lazımdır.

Nazir Anar Kərimov səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirərək İranın mədəniyyət və islam irşad nazirini Azərbaycana səfərə dəvət edib.

İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili vurğulayıb ki, İranın yeni hökuməti qonşularla əlaqələrin inkişaf etdirilməsini xarici siyasətində prioritet siyasi xətt elan edib. Azərbaycan İranın yaxın qonşusu və dost və qardaş dövlətdir. Bu baxımdan İran Azərbaycan ilə münasibətlərinə xüsusi diqqət yetirir və bütün sahələr üzrə əməkdaşlıq etməkdə maraqlıdır.

Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsi İranı sevindirir. Biz həmişə Azərbaycanı azad və firavan görmək istəyirik. İran hökuməti Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsini də istəyir və bu istiqamətdə addımlar atmağa hazırdır.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılan görüşdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə də iştirak edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.