CƏMİYYƏT
Məhkumlar üçün “Dini həmrəyliyin milli həmrəyliyin möhkəmlənməsində rolu” mövzusunda seminar-treninq keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sosial reabilitasiya prosesinin gücləndirilməsi, onlarla aparılan tərbiyə işinin və cəmiyyətə reinteqrasiyasının təkmilləşdirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə dövlət qurumları və ictimai təşkilatlarla birgə fəaliyyətə əsasən bir sıra müxtəlif səpkili idman, mədəni, maarifləndirici və kütləvi tədbirlər təşkil edilməkdədir.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məhkumların vicdan və dini etiqad azadlığının təmin olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış birgə tədbirlər planına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində “Dini həmrəyliyin milli həmrəyliyin möhkəmlənməsində rolu” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlər məhkumlar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.