CƏMİYYƏT
“Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” layihəsi icra olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” layihəsi uğurla icra olunub.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bakının Binəqədi, eləcə də Bərdə və Göyçay rayonlarında seminarlar keçirilib. Seminarların təşkilində məqsəd işğal altındakı torpaqlarımızda qalan maddi–mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı faktların gənclər arasında təbliği və onların virtual məkanda bu mövzuda təbliğat işinə cəlb edilməsidir.
Tədbirlərdə Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağın maddi-mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məlumat verilib, müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların işğal edilməsi nəticəsində ölkəmizin 23 muzeyinə məxsus 86 min 307 eksponat, 4 şəkil qalereyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 min sənəd, 5300 memarlıq abidəsi, o cümlədən 2261 arxeoloji abidə, şəxsi kolleksiyalarda saxlanılan 50 min ədəd tarixi əhəmiyyətli mədəni-irs nümunələri Ermənistanın nəzarəti altındadır. İşğalçı tərəf onlarca kurqan, insan məskəni, qəbiristanlıq, inanc yerləri, məscid və digər arxeoloji abidələri məqsədli şəkildə tamamilə məhv edərək Azərbaycanın tarixinə və mədəniyyətinə ciddi zərbə vurub. İlkin hesablamalara görə, zərərin ümumi miqdarı 177 milyard ABŞ dolları təşkil edir.
Layihənin yekunu ilə bağlı keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri, “Virtual Qarabağ” İKT Mərkəzinin rəhbəri Nurəddin Mehdiyev çıxışlarında qeyd ediblər ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi cəhdləri, digər qisminin vandalizmə uğraması ciddi təşviş doğurur. Ermənilərin bu cür hüquqa zidd əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurslarında təbliğat gücləndirilməli, gənclərin rolu artırılmalıdır.
Tədbirdə “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filmi göstərilib. Layihə iştirakçılarına müxtəlif çap məhsulları təqdim olunub.