SİYASƏT
Meksika və Azərbaycan artıq daha yaxın ölkələrdir
Bakı, 16 sentyabr, Bəhruz Vəliyev, AZƏRTAC
Meksika və Azərbaycan artıq daha yaxın ölkələrdir. Son üç ildə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr xeyli inkişaf edib.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores deyib.
Siyasi əlaqələrin inkişafından danışan səfir Azərbaycan ilə Meksika arasında 9 ildən bəri davam edən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.
İki ölkə arasındakı mədəniyyət, turizm, ticarət və sənaye sahələrində əməkdaşlığın da uğurla davam etdiyini deyən diplomat ticari əlaqələrdə son üç ildə xeyli inkişafın əldə olunduğunu bildirib.
Xuan Rodrigo Labardini Flores iyulun 14-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyib: “Bilirik ki, 1994-cü ildə tarixi “Əsrin müqaviləsi” imzalanıb. Bu hadisə isə yeni əsrin müqaviləsidir. Bu saziş logistika və informasiya mərkəzinə çevrilən Azərbaycan üçün yeni imkanlar açacaq”.