DÜNYA
Meksikada ən sərt seçkiqabağı kampaniya başa çatır
Madrid, 2 iyun, AZƏRTAC
Sabah Meksikada seçkiqabağı kampaniya başa çatır. Builki kampaniya namizədlərə münasibətdə zorakılıq şəraitində keçib.
AZƏRTAC xəbər verir ki, Meksikanın yeni tarixində ən aqressiv seçkilər kimi yadda qalacaq builki aralıq seçkilər iyunun 6-da keçiriləcək. 30 ştatda müxtəlif səviyyəli 20 mindən çox idarəçi və nümayəndə, o cümlədən 15 qubernator, 500 federal və 1063 regional deputat, 1926 bələdiyyə rəhbəri seçilməlidir. Bu, ölkənin yerli rəhbərlərinin dörddə üç hissəsi deməkdir.
“Etellekt” konsaltinq şirkətinin məlumatına görə, 266 gün davam etmiş seçkiqabağı kampaniya dövründə 89 namizəd öldürülüb, namizədlərə və siyasətçilərə 782 hücum faktı qeydə alınıb. Müqayisə üçün xatırladaq ki, 2018-ci ilin seçkiqabağı kampaniyası dövründə 774 zorakılıq faktı qeydə alınmışdı.
Siyasətçilərin qətlə yetirilməsi ilə bərabər, namizədlərə müxtəlif formada hücumlar edilir: onların əmlakına ziyan vurulması, insan oğurluğu, namizədlərin qohumlarına hücumlar, onları hədələmək, döymək, öldürmək cəhdləri, ofislərdən oğurluq, hakimiyyətdən sui-istifadə, seksual zorakılıq və sair.
Keçmiş prokuror Abel Muryetanın qətlə yetirilməsi ən hay-küylü insidentlərdən biri olub. Onu seçicilərlə görüş zamanı avtomobildən güllələyiblər. Polisin məlumatına görə, Muryetanı qətlə yetirən caniləri tapmaq hələ mümkün olmayıb. Yerli KİV-lərin hesablamalarına görə, bu ölkədə cinayətlərin açılma səviyyəsi 10 faizdən çox deyil.
“Etellekt” şirkətinin direktoru Ruben Salazarın fikrincə, ölkənin müxtəlif regionlarında bu cür zorakılıq aktlarının sayının artması çox cəhətdən seçki günlərinin çox davam etməsi ilə bağlıdır. Milli Seçkilər İnstitutu (INE) builki seçkiqabağı kampaniyanı İspaniya tarixində ən uzunmüddətli kampaniya olduğunu təsdiqləyib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid