ELM VƏ TƏHSİL


“Məktəb bülletenləri” hazırlanacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında “Məktəb bülletenləri”nin hazırlanması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. “Məktəb bülletenləri”nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdır.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.