ELM VƏ TƏHSİL
Məktəb direktorları və ibtidai sinif müəllimlərinin təlim ehtiyacları öyrənilib
Bakı, 4 may, AZƏRTAC
Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən məktəb direktorlarının və ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə onlayn sorğular keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məktəb rəhbərləri üçün nəzərdə tutulan sorğuda 2400-dən çox direktor iştirak edib. Müxtəlif suallarla onların idarəetmə, peşəkar inkişaf, sənədləşdirmə və digər bu kimi məsələlərlə bağlı təlim ehtiyacları öyrənilib. Direktorlara dair sorğu zamanı məlum olub ki, məktəb rəhbərləri peşəkar inkişaf istiqamətində mütaliə vərdişlərini inkişaf etdirməyə daha çox üstünlük verirlər. Sorğu nəticələrinin təhlili onu göstərir ki, məktəb direktorları qanunvericilik və sənədlərin hazırlanması ilə bağlı peşəkar dəstəyə ehtiyac duyurlar.
İbtidai sinif müəllimləri üçün həyata keçirilən sorğuda isə Azərbaycan dili və riyaziyyat fənni üzrə ehtiyaclar, eləcə də müəllimlərin bu fənlərin tədrisində üstünlük verdiyi strategiyalar, metodik vəsaitdən istifadə səviyyəsi və s. araşdırılıb. Ölkə üzrə aparılan sorğuda 8000-dən çox müəllim iştirak edib.