ELM VƏ TƏHSİL
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işçilərin təhsil səviyyəsi açıqlanıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Bu ilin əvvəlinə olan məlumata görə, dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində 16 min 939 pedaqoji işçi çalışır. Onların 34,1 faizi ali, 0,2 faizi natamam ali, 59,6 faizi orta ixtisas, 6,1 faizi tam orta təhsillidir. AZƏRTAC xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsində əks olunub. Hesablamalara görə, ölkəmizin dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərin sayında artım müşahidə olunub. Belə ki, bu təhsil müəssisələrində 2006-cı ildə 14 min 557, 2011-ci ildə 14 min 2, 2016-cı ildə 15 min 846, 2018-ci ildə 16 min 532 pedaqoji işçi çalışıb. Bu rəqəm 2019-cu ildə 16 min 939 nəfər olub.