REGİONLAR
Məktəblərdə payız-qış mövsümünə hazırlıq işləri görülüb
Göyçay, 1 dekabr, AZƏRTAC
Göyçay rayonunun orta ümumtəhsil məktəblərində payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, istilik sistemi quraşdırılan məktəblərin qazanxanalarında cari təmir işləri görülüb, qurğular saz vəziyyətə gətirilib. Hazırda Göyçayın 57 orta məktəbindən 33-nün sinif otaqları odun sobaları vasitəsilə qızdırılır. Belə ki, bu günədək rayonun 23 orta ümumtəhsil məktəbinin yerləşdiyi binalar əsaslı şəkildə təmir edilib və ya onlar üçün yeni məktəb binaları tikilib. Həmin binalar müasir istilik sistemi ilə də təhciz edilib. Sinif otaqları ilə yanaşı, dəhlizlərdə də istilik sistemləri quraşdırılıb. Müasir istilik sistemi ilə quraşdırılmayan məktəblərdə isə odun sobalarından istifadə məqsədilə lazımı qədər odun yanacağı tədarük olunub. Bundan əlavə rayon təhsil şöbəsinin daxili imkanları hesabına məktəblərə lazımı qədər odun sobası və tüstü boruları alınaraq paylanıb. Bu istiqamətdə işlər davam etdirilir.
Bundan əlavə, soyuq aylarda sinif otaqları qızdırılan zaman istiliyin itməməsi üçün yeni dərs ili ərəfəsində bütün məktəblərdə qapı və pəncərələr təmir edilib.