ELM VƏ TƏHSİL
Məktəblilər arasında keçirilən “Şəhidlərimiz qəhrəmanlarımızdır!” intellektual yarışmanın qalibləri müəyyənləşib
Bakı, 4 oktyabr, AZƏRTAC
Paytaxt məktəbliləri arasında “Şəhidlərimiz qəhrəmanlarımızdır!” mövzusunda intellektual yarışma keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dərsə marağını və dünyagörüşünü daha da artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
İntellektual yarışmada məktəb direktorları, Nərimanov Rayonu Gənclər və İdman İdarəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə bildirilib ki, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixini, mədəniyyətini, milli irsini öyrətmək, şagirdlərin sərbəst fikir, düşüncə tərzi və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək üçün bu cür intellektual bilik yarışlarının təşkilinin mühüm əhəmiyyəti var.
Daha sonra şagirdlər Vətən yolunda canlarından keçən şəhid və qəhrəmanlara həsr olunan 25 açıq sualdan ibarət tapşırığı 20 dəqiqə ərzində cavablandırıblar. Fərdi qaydada keçirilən yarışın nəticələrinə əsasən, 82 nömrəli tam orta məktəbin və “Ankara məktəbi” məktəb-liseyinin şagirdləri I, 82 nömrəli tam orta məktəb və Humanitar fənlər gimnaziyasının şagirdləri II, 177 və 34 nömrəli tam orta məktəblərin şagirdləri isə III yerə layiq görülüblər.
Qaliblərə diplom, medal və hədiyyələr verilib.